“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Kamran Vəlizadəyə həsr olunacaq
"Tehsil365" İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Vəlizadə Kamran Əkpər oğluna həsr olunacaq. Verilişin aparıcısı Rəşidə Nəbizadədir. Buraxılış noyabrın 3-də efirə gedəcək.
"Tehsil365" xəbər verir ki, Kamran Vəlizadə 14 sentyabr 1996-cı ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində dünyaya gəlib. 2014-cü ildə Nərimanabad kənd Elman Məmmədov adına tam orta məktəbi bitirərək həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. 2018-ci ildə İstilik energetikası mühəndisliyi ixtisası üzrə təhsilini başa vurub.
2018–2019-cu illərdə Milli Orduda həqiqi hərbi xidmət keçib. 2020-ci ilin sentyabrında ixtisası üzrə “AzərEnerji” ASC-yə işə qəbul olunsa da, 28 sentyabr 2020-ci ildə səfərbərliklə yenidən hərbi xidmətə çağırılıb. O, Füzuli və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə böyük igidlik göstərib. 23 oktyabr 2020-ci ildə Qubadlı döyüşlərində şəhid olub və 11 noyabrda doğulduğu Nərimanabad qəsəbəsində torpağa tapşırılıb. Subay idi.
Kamran Vəlizadə vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra
“Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin xatirəsinə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində küçə salınıb. Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onun adını daşıyan auditoriya otağı, Bakı şəhəri 167 nömrəli məktəbdə isə xatirə sinfi fəaliyyət göstərir.
Bundan əlavə, Balıqçılar kənd tam orta məktəbinə şəhidin adının verilməsi ilə bağlı təklif irəli sürülüb və təsdiq mərhələsindədir.

