Süni intellektin sürətlə inkişafı insan yaradıcılığının gələcəyi barədə müxtəlif suallar doğurur. Bəziləri düşünür ki, yaradıcı prosesi asanlaşdırır və ilham mənbəyi olur, digərləri isə bunun insanın orijinal düşünmə qabiliyyətini zəiflədə biləcəyindən narahatdır. Bu mövzu texnologiya ilə yaradıcılıq arasındakı incə tarazlığı anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bəs süni intellekt insanların yaradıcılığını öldürürmü?
Mövzu ilə bağlı İKT mütəxəssisi Elvin Abbasov ‘’Tehsil365’’ə verdiyi açıqlamasında bildirib ki, süni intellekt insanların yaradıcılığını öldürmür, əksinə onu yeni müstəviyə daşıyır.
‘’Tarix boyu texnologiyanın hər yeni mərhələsi əvvəlcə “insanı əvəz edəcəkmi?” sualı ilə qarşılanıb, lakin nəticədə texnologiya insanın imkanlarını məhdudlaşdırmaq əvəzinə, onu genişləndirib. Süni intellektin mahiyyəti yaradıcılığı yox etmək deyil, rutin və texniki prosesləri avtomatlaşdıraraq insanın təxəyyülə və strateji düşüncəyə daha çox vaxt ayırmasını təmin etməkdir. Əgər bir vaxtlar rəssam eskizləri əllə çəkirdisə, bu gün AI vasitəsilə o, vizual konsepti daha sürətli formalaşdırır və yaradıcılığını dərinləşdirə bilir’’.
Ekspert bildirib ki, süni intellekt müəyyən sahələrdə “sərhədləri bulanıqlaşdırır”.
‘’Məsələn, müəlliflik və orijinallıq anlayışı dəyişir. Lakin bu, yaradıcılığın ölümü deyil, onun formalarının transformasiyasıdır. Yeni dövrdə yaradıcılıq təkcə insan beyninin məhsulu deyil, insan və maşın sinerjisinin nəticəsidir. Əgər biz süni intellekti sadəcə “nüsxələyici alət” kimi deyil, “yaradıcılıq ortağı” kimi qəbul etsək, o zaman texnologiya insanın ilham mənbəyini yox etməyəcək — əksinə, onu çoxaldacaq və demokratikləşdirəcək’’.

