“Amazon” təxminən 14 min korporativ iş yerinin ixtisar ediləcəyini açıqlayıb.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb
Qeyd olunub ki, hələlik şirkətin Böyük Britaniyada fəaliyyət göstərən 75 min nəfərlik heyətinə bu qərarın necə təsir göstərəcəyi məlum deyil. Amazon rəhbərliyinin məlumatına görə, ixtisarlardan təsirlənəcək işçilərə və onların komandalarına qərar barədə çərşənbə axşamı rəsmi şəkildə bildiriş göndəriləcək.
Əvvəlcə “Reuters” və “The Wall Street Journal” nəşrləri ixtisarların sayının 30 minə qədər ola biləcəyini xəbər vermişdi. Böyük Britaniyada “Amazon” işçilərini təmsil edən GMB həmkarlar ittifaqı isə bu məlumatlara əsaslanaraq, ölkədə bir çox əməkdaşın işini itirəcəyinin demək olar ki, qaçılmaz olduğunu bildirib.
“Şirkətlərin nəhəng gəlirlər əldə etdiyi, qurucusu Cef Bezosun kosmos səyahətinə çıxıb, toy mərasimləri üçün şəhərləri bağlaya bildiyi bir dövrdə sadiq işçilərin asanlıqla işdən çıxarılması bu sistemin nə qədər ədalətsiz olduğunu göstərir”, – deyə həmkarlar ittifaqının bəyanatında qeyd olunub.
“Amazon” ixtisarların əsas səbəbi kimi süni intellekt (AI) texnologiyasının sürətlə inkişafını göstərib. Şirkət bəyan edib ki, süni intellekt internetdən sonra ən çevriliş yaradan texnoloji mərhələ hesab olunur.
“Amazon”un İnsan Resursları və Texnologiya üzrə baş vitse-prezidenti Bet Qaletti işçilərə ünvanladığı məktubda bildirib ki, şirkət bu qərarı müxtəlif tənqidlərə baxmayaraq vermək məcburiyyətində qalıb.
Qeyd edilib ki, “Amazon” bu ilin iyul ayında açıqladığı maliyyə hesabatında 19,2 milyard funt sterlinq gəlir əldə etdiyini bəyan etmişdi.

