Oktyabrın 28-də Naxçıvan Dövlət Universitetində fəlsəfə və elmlər doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlarla görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov çıxış edərək ali təhsil müəssisəsinin elm strategiyasının əsas istiqamətlərindən danışıb. O bildirib ki, universitetin elmi fəaliyyətində əsas məqsədlərdən biri akademik göstəricilərin yüksəldilməsi və beynəlxalq elmi mühitdə mövqelərin möhkəmləndirilməsidir.
Prorektor elmi fəaliyyətdə qarşıya qoyulan tələblər, mövcud çatışmazlıqlar və onların həlli yolları barədə fikirlərini bölüşüb. O, elmi-tədqiqat işlərində aktivliyin artırılması, mövzuların dövrün tələblərinə uyğun seçilməsi və nüfuzlu beynəlxalq jurnallarda məqalələrin dərc olunmasının əhəmiyyətini vurğulayıb.
Elsevər Əsədov həmçinin Web of Science və Scopus kimi beynəlxalq elmi bazalarda məqalələrin nəşrinin və istinadların artırılmasının vacibliyinə toxunub. Qeyd edib ki, nüfuzlu jurnallarda dərc olunan məqalələr tədqiqatçının akademik fəaliyyətini genişləndirir, elmi göstəricilərin yüksəlməsinə və ölkənin elmi nüfuzunun artmasına xidmət edir.
Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev çıxışında 2025-ci il üzrə doktorant və dissertantların statistik göstəriciləri barədə məlumat verib. O bildirib ki, hazırda fəlsəfə doktoru proqramı üzrə 34 ixtisasda 62 doktorant, elmlər doktoru proqramı üzrə 6 ixtisasda 9 doktorant, fəlsəfə doktoru proqramı üzrə 10 ixtisasda 10 dissertant, elmlər doktoru proqramı üzrə isə 13 ixtisasda 15 dissertant təhsil alır.
Çapay Quliyev elmi rəhbərlərlə işin təşkili, tədqiqat prosesində nəzərdə tutulan tapşırıqların icrası və doktorantların elmi məsuliyyətləri barədə məlumat verib.
Görüş interaktiv müzakirə şəraitində keçib, doktorant və dissertantların sualları cavablandırılıb.
Sonda universitetin Elmi Kitabxanasının elektronlaşma üzrə mütəxəssisi Şəhriyar Quliyev NDU-nun üzv olduğu Taylor & Francis, Clarivate ProQuest və EBSCO Information Services kimi beynəlxalq elektron elmi bazalar haqqında təqdimatla çıxış edib. O, universitetin müəllim və tələbə heyətinin bu platformalardan ödənişsiz şəkildə istifadə edə biləcəyini və onların elmi tədqiqat imkanlarını genişləndirdiyini qeyd edib.

