“Fizika fənninin əhəmiyyəti və tədris metodları" haqqında Siyəzən Şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin fizika müəllimi Fəridə Ağayeva “Tehsil365”ə müsahibə verib.
Bu barədə Fəridə Ağayeva “Tehsil365”ə müsahibəsində bildirib.
Sizcə, fizika fənni bugünkü təhsil sistemində nə qədər dəyərli yer tutur?
“Fizika, məncə, çox önəmli fəndir. Şagirdlərə dünyanı necə başa düşməyi və hadisələrin səbəbini öyrədir. Şagirdlər fiziki hadisələri, fizika qanunlarını, düsturları, ümumiyyətlə, orta məktəb proqramında keçilənləri anlayanda, onun əhəmiyyətini görürlər.”
Şagirdlərin fizika fənninə marağını artırmaq üçün hansı metodlardan istifadə edirsiniz?
“Mən dərsləri mümkün qədər maraqlı etməyə çalışıram. Məsələn, əsasən, kiçik siniflərdə təcrübələr aparırıq, kiçik layihələr edir və oyunlaşdırılmış tapşırıqlardan istifadə edirik. Bu, şagirdlərin diqqətini çəkir və onları fəal edir.”
Fizikanı çətin hesab edən şagirdlərə motivasiya vermək üçün nə məsləhət görərdiniz?
“Çalışıram dərsi onlara sadə dildə izah edim. Həyatda olan hadisələrdən çoxlu nümunələr göstərirəm, bilməməyin deyil, öyrənməməyin düzgün olmadığını vurğulayıram. Kiçik uğurlarında onları təriflədikdə isə, özlərinə güvənləri artır.”
Real həyatda fizikanın tətbiqini şagirdlərə necə izah edirsiniz?
“Şagirdlərə göstərirəm ki, fizika hər yerdədir – avtomobillərdə, texnologiyada, idmanda, hətta telefonlarımızda.”

