Azərbaycan təhsil sistemini 10 il sonra necə görmək istəyirsiniz?
Təhsil eksperti Məzahir Məmmədli fikirlərini “Tehsil365”lə bölüşüb.
Ekspert hesab edir ki, sürətli inkişafın getdiyi bir dövrdə 10 il böyük bir müddətdir və bu qədər uzaq dövr üçün dəqiq proqnoz vermək çətindir. Onun sözlərinə görə, yaxın 2-3 il ərzində Azərbaycanda təhsil sistemində mühüm dəyişikliklər baş verə bilər.
Ekspert bildirir ki, süni intellektin, informasiya texnologiyalarının və digər elmi sahələrin inkişafı artıq təhsil və elm sahəsinə ciddi təsir göstərməkdədir:
“Texniki baza qurulduqdan sonra, böyük ehtimalla, dərsliklərin dəyişdirilməsindən tutmuş tədrisin idarə olunmasına qədər yeni məsələlər ortaya çıxacaq.”
Məzahir Məmmədli əlavə edib ki, 15 il əvvəl kurikulumun tətbiqi ilə təhsildə yeniliklər baş versə də, bu sahədə inqilabi dəyişikliklər tədricən olur:
“Təhsildə baş verən geriliklər bir neçə il sonra öz təsirini göstərir. Buna görə də əgər 10 ildən sonranı proqnozlaşdırmaq istəyiriksə, indidən ciddi addımlar atmalıyıq.”
Ekspertin fikrincə, inkişaf edən dünyanın bir hissəsi kimi Azərbaycan da öz strateji istiqamətini müəyyənləşdirməli, 3, 5 və 10 il üçün planlı şəkildə fəaliyyət göstərməlidir.

