26–28 oktyabr 2025-ci il tarixlərində Qarabağ Universitetində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Turizm destinasiyası” mövzusunda elmi-praktik seminar keçirilib.
"Tehsil365" xəbər verir ki, tədbirdə Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin tələbə və akademik heyət üzvləri iştirak ediblər. Seminarın ilk günündə İstanbul Boğaziçi Universitetinin professoru Bülent Himmətoğlu turizm destinasiyasının xüsusiyyətləri, tanıdılması və mövcudluq mərhələləri barədə ətraflı təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Seminarın ikinci günündə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə qoruq ərazisinə maarifləndirici ekskursiya təşkil olunub. Sonuncu gün tələbələr tərəfindən mövzu ilə bağlı təqdimatlar təqdim edilib.
Sonda seminar iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.

