Yeni müəllimlərin təhsilə adaptasiyası üçün hansı dəstək mexanizmləri vacibdir?
Bu barədə təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”ə açıqlama verib.
Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, yeni müəllimlərin təhsilə uğurla uyğunlaşması onların peşəkar inkişafına və tədrisin keyfiyyətinə birbaşa təsir göstərir.
Ekspertin sözlərinə görə, adaptasiya prosesində müxtəlif dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, ən vacib mexanizmlərdən biri mentor dəstəyidir. Təcrübəli müəllimlərin rəhbərliyi yeni müəllimlərə məktəb mühitinə, dərs planlaşdırmasına və sinif idarəçiliyinə daha tez uyğunlaşmağa kömək edir.
Məmmədli əlavə edib ki, peşəkar inkişaf təlimləri müəllimlərin müasir pedaqoji metodlarla tanış olmasını və özünəinamının artmasını təmin edir.
Ekspert həmçinin vurğulayıb ki, müsbət məktəb mühiti və peşəkar icmaların fəaliyyəti də yeni müəllimlərin adaptasiyasında mühüm rol oynayır:
“Bu amillər müəllimlərə həm psixoloji, həm də metodik dəstək verir.”
Sonda Məzahir Məmmədli qeyd edib ki, yeni müəllimlərin adaptasiyası üçün sistemli dəstək mexanizmlərinin yaradılması onların peşəkar inkişafını sürətləndirir və ümumilikdə təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir.

