Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi çərçivəsində AMEA ilə bir sıra ölkələrin Elmlər Akademiyaları və beynəlxalq elmi qurumları arasında anlaşma memorandumlarının imzalanma mərasimi keçirilib.
“Tehsil365” bunu AMEA-nın məlumatına əsasən xəbər verir.
Bildirilib ki, AMEA-nın Rəyasət Heyətində baş tutan tədbirdə akademiyanın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, həmçinin yubiley münasibətilə ölkəmizdə səfərdə olan müxtəlif ölkələrin elmi təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin binasının tarixi əhəmiyyətindən danışıb, 1926-cı ildə burada Birinci Türkoloji Qurultayın keçirildiyini xatırladıb. O, son illərdə AMEA-nın beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndiyini, Akademiyanın ilk dəfə olaraq nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunduğunu bildirib.
İsa Həbibbəyli Gürcüstan, Qazaxıstan, Türkmənistan, Bolqarıstan, Monteneqro Elmlər Akademiyaları, TÜRKSOY, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, eləcə də Çinin Hebey Sosial Elmlər Akademiyası, Kore və Vyetnam Sosial Elmlər Akademiyaları ilə birgə layihələr barədə məlumat verib.
Tədbirdə həmçinin birgə tədqiqatlar və nəşrlər müzakirə olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Daha sonra AMEA ilə İtaliya Milli Elmlər Akademiyası, Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Milli Elmlər Akademiyası və Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında əməkdaşlıq memorandumları imzalanıb.
Sənədləri AMEA adından akademik İsa Həbibbəyli, İtaliya tərəfdən professor Roberto Zelli, Qazaxıstan tərəfdən akademik Askar Cumaldidayev, DAAB adından isə professor Məsud Əfəndiyev imzalayıblar.
Sonda çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, imzalanmış sənədlər elmi əlaqələrin genişlənməsinə, birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

