5 noyabr 1857-ci il tarixində ABŞ-ın Pensilvaniya ştatında tanınmış yazıçı və araşdırmaçı jurnalist Ida Minerva Tarbell dünyaya gəlib.
“Tehsil365”in məlumatına görə, Ida Tarbell Amerika mətbuat tarixində ilk qadın araşdırmaçı jurnalistlərdən biri kimi tanınır. O, XX əsrin əvvəllərində ABŞ-da “muckraker” adlanan sosial ədalət və korrupsiya ifşası yönümlü jurnalist hərəkatının öncüllərindən biri olub.
Tarbellin ən məşhur əsəri “The History of the Standard Oil Company” adlı iki cildlik araşdırmadır. Bu kitabda o, John D. Rockefeller-in rəhbərlik etdiyi “Standard Oil” şirkətinin inhisarçılıq siyasətini ifşa etmiş, nəticədə ABŞ-da antiinhisar qanunlarının güclənməsinə səbəb olmuşdu.
Onun fəaliyyəti təkcə jurnalistikada deyil, həm də qadınların ictimai həyatda rolunun artmasında mühüm addım hesab olunur. Ida Tarbell 6 yanvar 1944-cü ildə vəfat edib, lakin araşdırmaçı jurnalistikanın simvolu kimi tarixdə qalmaqdadır.

