Azərbaycan-Türkmənistan elmi-mədəni əlaqələrinin inkişafında yeni səhifə açılıb. Türkmənistan və Azərbaycan xalqları ortaq tarixi köklərə və adət-ənənələrə malikdirlər. Elmi əlaqələrimizin möhkəmlənməsində akademik İsa Həbibbəylinin mühüm xidmətləri var.
“Tehsil365" xəbər verir ki, bu sözləri Türkmənistan Elmlər Akademiyasının prezidenti akademik Allaberdi Aşirov AMEA-nın Rəyasət Heyətində Akademiyanın 80 illik yubiley tədbirinin İkinci sessiyasında çıxışı zamanı deyib.
“Ötən il böyük türkmən şairi Məhtimqulu Fəraqinin 300 illik yubileyi UNESCO tərəfindən, həmçinin Azərbaycanda qeyd olundu. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən şairin “Divanı” Azərbaycan dilinə tərcümə olunaraq çap edildi, “Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzini Türkmənistan mədəniyyət və ədəbiyyat mərkəzi hesab edirik.
Əminəm ki, AMEA və Türkmənistan Elmlər Akademiyası arasında əlaqələr daha da möhkəmləndiriləcək, yeniliklərə və innovasiyalara imza atılacaq”, - deyə akademik Allaberdi Aşirov vurğulayıb.

