Çjetszyan Universiteti nəzdindəki Xuçjou Tədqiqat İnstitutunun "JetRob" mühəndislər komandası insanın havada hərəkət etməsinə imkan verən reaktiv bel çantasını uğurla sınaqdan keçirib.
“Tehsil365” xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayıb.
Mühəndis Tszyao Botszin bildirib ki, pilot bu fərdi uçuş aparatını idarə edərkən saatda 100 kilometrə qədər sürət yığa bilər.
"Bel çantasının hazırlanması üç-dörd il, sınaqları isə iki il çəkib, bu aparat bizim ən mükəmməl sistemimizdir", - deyə o bildirib.
Beş reaktiv mühərriklə təchiz edilmiş cihazın yanacaq çənləri bel çantasının hər iki tərəfində yerləşdirilib. Çantanın yanacaqsız çəkisi 31 kiloqram, yanacaqla 46 kiloqramdır. Pilot havada üç-beş dəqiqə qala bilir. Aparat yer səthindən 2 metrdən çox yüksəkliyə qalxır. O, dəniz səviyyəsindən 1 500 metr yüksəklikdə yerləşən yerlərdə istifadə edilə bilər.
Tszyao Botszinin sözlərinə görə, velosiped sürmək kimi, bel çantasını da təhlükəsiz və rahat idarə etməyi öyrənmək üçün müəyyən vaxt lazımdır. Gələcəkdə bel çantası təhlükəli və çətin keçilən yerlərdə humanoid robotlar tərəfindən idarə oluna bilər.

