Azərbaycan mətbuatı 150 illik tarixinin təxminən 130 ilini Azərbaycan dilinin düzgün formalaşması, ədəbi norma və qaydalarının müəyyənləşməsi üçün sərf edib. Bu yolda Azərbaycan jurnalistləri böyük fədakarlıq göstərib, dilimizin inkişafına bilavasitə töhfə veriblər.
“Tehsil365“ xəbər verir ki, bu sözləri “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzulu panel sessiyada “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
O qeyd edib ki, ədəbi dilimizin formalaşması təkcə yazıçıların və alimlərin deyil, həm də jurnalistlərin əməyinin nəticəsidir. Qəzet və jurnallar, radionun və televiziyanın dili, müasir informasiya saytları xalqın danışıq və yazı üslubuna təsir göstərən əsas vasitələrdir.
“Bu gün Azərbaycan dilinin saflığının qorunması məsələsi xüsusilə aktuallaşır. Qloballaşma, informasiya axınının çoxluğu, xarici dillərin təsiri nəticəsində ədəbi dilimizdə yad sözlərin artması müşahidə olunur. Buna görə də biz jurnalistlər dilimizin saflığını qorumaq, doğru, anlaşıqlı və səlis yazmaq məsuliyyətini daşıyırıq. Bu baxımdan çap mətbuatı hələ də dilimizin keşiyində duran mühüm vasitələrdən biridir”, - deyə A.Aşırlı əlavə edib.

