İxtisas seçimində abituriyentlərə yardım edəcək bir startap qururlar.
Abituriyentərə faydalı olsunlar deyə, bu il ixtisas seçimlərindən öncə layihələrini təqdim edirlər. Qısa müddətdə 3 000 istifadəçiyə çatırlar. Ancaq ixtisas seçimləri başa çatdıqdan sonra saytda istifadəçi azalması baş verir. “Necə edək” deyə düşünərkən sayta tələbələr üçün faydalı olacaq funksiyalar əlavə edirlər. Yeni yaranmalarına baxmayaraq startaplarına marağın çox olduğunu deyirlər. Söhbət “Uniaz” startapından gedir.
startapın təsisçiləri Vüqar Qurbanlı və Nihad Tağıyev adlı tələbələrdir.
Qeyd edək ki, Vüqarla Nihad Memarlıq və İnşaat Universitetinin İT ixtisası üzrə 3-cü kurs tələbələridirlər.
Vüqar Qurbanlı: Biz abituriyentlərin ixtisas seçimi zamanı nə qədər çaşqın və məlumat çatışmazlığı içində olduqlarını müşahidə edirdik, onlara faydalı olsun deyə bu platformanı qurmağı qərara aldıq. Məqsədimiz, gənclərə ixtisas seçimini daha asan, şəffaf və məlumatlı şəkildə etməyə kömək edən bir platforma yaratmaq idi. Layihəmiz bu ilin iyul ayında fəaliyyətə başladı. “Uniaz” platforması komandamızın ilk startap təcrübəsidir və bu layihə təhsil sahəsindəki real bir problemdən doğdu.
• Bu startapın əsas funksiyaları nələrdir və necə işləyir?
Nihad Tağıyev: “Uniaz” platforması abituriyentlər üçün ixtisas seçimində köməkçi platformadır. Məsələn, abituriyent həm blok, həm də buraxılış imtahanından yığdığı balı platformada daxil edərək hansı universitetə düşə biləcəyini sistem vasitəsiylə dəqiqləşdirə bilir. Artıq ixtisas seçimi zamanı abituriyentlərin yığdıqları bal ilə 50 səhifəlik jurnalı vərəqləyərək “hansı ixtisasa qəbul ola bilərəm” sualı ətrafında düşünməsinə ehtiyac qalmır. Biz bu prosesi avtomatlaşdırmışıq.
Tələbələrə startapı qurduqları zaman ilk çətinlikləri nə olduğunu soruşanda cavabı belə oldu;
Vüqar Qurbanlı: Texniki və idarəetmə təcrübəmiz az olduğuna görə biz bir çox prosesi "səhv edib-öyrənmə" üsulu ilə öyrəndik. Bu mərhələdə qarşılaşdığımız ən böyük çətinlik layihənin daha geniş auditoriyaya çatdırılması və istifadəçi etimadının qazanılması idi. Zamanla həm texniki biliklərimizi, həm də istifadəçi yönümlü yanaşmamızı inkişaf etdirdik. Bu gün artıq 25 mindən çox istifadəçimiz, istifadəsi rahat interfeysimiz və faydalı analitik alətlərimiz var.

