Dövlət İmtahan Mərkəzində 3-6 noyabr 2025-ci il tarixlərində Azərbaycan dili, ingilis dili, rus dili və riyaziyyat fənləri üzrə hazırlıq kursları keçirilib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn formatda keçirilib.
İngilis dili fənni üzrə hazırlıq kursunda moderator Nərminə Əliyeva ölkənin təhsil sistemində tətbiq olunan qiymətləndirmə formaları (Beynəlxalq və Milli qiymətləndirmə) və imtahanlarda istifadə edilən tapşırıqların tipləri ilə bağlı təqdimat edib.
Digər hazırlıq kurslarında moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, rus dili fənni üzrə Viktoriya Ələkbərova, riyaziyyat fənni üzrə Aqşin Abdullayev cavabı yazı ilə ifadə olunan tapşırıqlar və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.

