Pekində Azərbaycan–Çin münasibətlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, Çinin Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirdə iki ölkə arasında əməkdaşlığın tarixi, mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Konfransda hər iki ölkənin elmi qurumlarının, ali məktəblərinin və beyin mərkəzlərinin nümayəndələri siyasi, iqtisadi, mədəni, humanitar, elm və təhsil sahələrində əlaqələr barədə çıxışlar ediblər.
Qeyd olunub ki, Azərbaycan–Çin münasibətləri qədim İpək yolu dövründən formalaşıb və Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yeni mərhələyə qədəm qoyub. Heydər Əliyev və Prezident İlham Əliyev bu münasibətlərin inkişafına xüsusi diqqət ayırıblar.
Bildirilib ki, İlham Əliyev və Si Cinpin arasında mövcud qarşılıqlı etimad və hörmət əlaqələrin möhkəmlənməsinə əsas yaradır. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə və birgə Bəyanatın imzalanması münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir.
Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Tərəflər sənaye, investisiya, nəqliyyat, logistika, energetika və yaşıl enerji kimi sahələrdə əməkdaşlıq edir. Azərbaycan “Kəmər və yol” təşəbbüsünün həyata keçirilməsində tranzit mövqeyi ilə mühüm rol oynayır, bu çərçivədə Orta Dəhlizin əhəmiyyəti artır.
Məruzəçilər həmçinin qeyd ediblər ki, Azərbaycan və Çin dillərinin qarşılıqlı tədrisi, gənclər mübadiləsi, vizasız səyahət və mədəni layihələr iki xalq arasında dostluğu gücləndirir.
Tədbirin sonunda azərbaycanlı və çinli tələbələrin sualları cavablandırılıb.

