Noyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin İnformasiya texnologiyaları kafedrasının birgə təşkilatçılığı ilə “Süni intellekt öyrətmənin aləti kimi” mövzusunda dəyirmi masa keçirilib.
“Tehsil365” bildirir ki, tədbiri fakültənin dekanı, texnika elmləri doktoru, professor İbrahim Kazımbəyli açaraq müasir dünyada süni intellektin əhəmiyyətindən danışıb. O, dövlətimizin bu sahənin inkişafı istiqamətində atdığı addımlar və həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Həmçinin, yaxın zamanda yaradılmış Süni İntellekt Akademiyasının qarşısına qoyduğu məqsədlərin sürətlə dəyişən dünya ilə ayaqlaşmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.
Tədbirdə İnformasiya texnologiyaları kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Zəminə Səmədova “Təhsildə süni intellektin rolu” mövzusunda geniş məruzə ilə çıxış edib. O, süni intellekt alətləri — ChatGPT, Midjourney, DALL·E, Microsoft Copilot, GitHub Copilot, DeepSeek və Google kimi əsas platformalar haqqında ətraflı məlumat verib.
Zəminə Səmədova təhsildə süni intellektin tətbiqi barədə danışaraq qeyd edib ki, Sİ sistemləri ilə çalışan tədris müəssisələrində süni intellekt öyrəncilərə interaktiv və cəlbedici öyrənmə mühiti yaradır. O, həmçinin təhsil müəssisələrində süni intellektin uğurlu inteqrasiyasına dair real dünya nümunələrini təqdim edib.
İnformasiya texnologiyaları kafedrasının müəllimi Aysel Əsgərova “Süni intellekt: trendlər və proqnozlar” mövzusunda çıxış edib. O, gələcəkdə süni intellektlə idarə olunan təhsil sistemlərində ədalətlilik, şəffaflıq və hesabatlılığı təmin etmək məqsədilə tənzimləyici çərçivələrin formalaşmasının vacibliyindən danışıb. Qeyd edib ki, süni intellekt fərdiləşdirilmiş öyrənmə yolları yaratmaqla, interaktiv mühit formalaşdırmaqla və real vaxt rejimində rəy və qiymətləndirmə imkanı təmin etməklə təhsildə inqilabi dəyişikliklərə səbəb olur.
Tədbirin sonunda İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Fikrət İbiyev çıxış edərək süni intellekt sahəsində dövlət strategiyasına uyğun olaraq bu mövzuda tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb. O, rəhbərlik etdiyi kafedranın bu istiqamətdə aparıcı rol oynayacağını və bu sahədə fəaliyyətini davam etdirəcəyini qeyd edib.

