Naxçıvanda məktəbdə baş verən hadisə ilə bağlı sərt açıqlama.
“Tehsil365” xəbər verir ki, təhsil eksperti Əmrah Həsənli Naxçıvanın Culfa rayonunda 1 nömrəli məktəbdə baş verən, müəllimin şagirdlərə qarşı şiddət göstərməsi ilə bağlı yayılan xəbərlərə kəskin reaksiya bildirib.
Əmrah Həsənlinin sözlərinə görə, bu kimi halların təkcə bir məktəbin və ya bir müəllimin davranışı kimi dəyərləndirilməsi doğru deyil – bu, bütövlükdə pedaqoji sistemdə məsuliyyət və etik nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini göstərir:
“Uşağa qarşı zorakılıq göstərən insanın müəllim statusunda qalması nə pedaqoji, nə də mənəvi baxımdan mümkündür. Belə müəllimlərin əlinə o kəməri verib sistemdən uzaqlaşdırmaq lazımdır. Təhsil ocağı uşağın qorunduğu, şəxsiyyət kimi formalaşdığı yerdir – qorxudulduğu yox.”
Ekspert bildirib ki, müəllimlik yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaq missiyası daşıyır və bu missiyaya zidd davranışlar təhsil sisteminə ciddi zərbə vurur:
“Əgər bir müəllim uşağı qorxu ilə idarə etməyə çalışırsa, deməli, o, öz peşə borcunun mahiyyətini itirib. Biz XXI əsrin təhsilindən, şagirdmərkəzli yanaşmadan danışırıqsa, bu cür davranışların yeri nə məktəbdə, nə cəmiyyətdə ola bilməz.”
Əmrah Həsənli həmçinin qeyd edib ki, hadisə ilə bağlı Təhsil Nazirliyi və müvafiq qurumlar tərəfindən operativ araşdırma aparılması, həmçinin məktəbdə psixoloji mühitin bərpası üçün addımlar atılması vacibdir:
“Hadisəyə yalnız cəza prizmasından deyil, həm də profilaktika baxımından yanaşmaq lazımdır. Uşaqlar bu travmadan psixoloji təsir altında qalmamalıdır. Onlarla mütləq psixoloq işləməlidir.”
Sonda ekspert qeyd edib ki, Azərbaycan təhsil sistemi sağlam, təhlükəsiz və etik mühit üzərində qurulmalıdır və hər bir müəllim öz davranışına görə həm pedaqoji, həm də hüquqi məsuliyyət daşıyır.

