“Dünyada baş verən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanda sabitliyin və sosial rifahın qorunması əsas prioritetdir”.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva ilə görüşdə bildirib.
Komitə sədri iqlim dəyişiklikləri, iqtisadi inkişaf və qadınların bu sahələrdə fəal iştirakı istiqamətində həyata keçirilən birgə layihələrin uğurlu nəticələrindən məmnunluğunu ifadə edib. O, işğaldan azad olunan ərazilərdə aparılan bərpa işlərinin əhəmiyyətini və qadın sahibkarlar şəbəkələrinin genişləndirilməsini vurğulayıb.
Söhbət zamanı 25 Noyabr – Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində keçiriləcək “16 günlük fəallıq” kampaniyasında BMT qurumları ilə əməkdaşlığın önəmi qeyd edilib.
Vladanka Andreeva 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin tərəfdaşlığın strateji istiqamətlərini müəyyənləşdirdiyini və Dövlət Komitəsi ilə əməkdaşlığın mühüm olduğunu bildirib.
Görüşdə qadınların səlahiyyətləndirilməsi, iqtisadi artım, sülh və təhlükəsizlik məsələlərindəki rolu, həmçinin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

