Psixoloq Sibel Piriyeva imtahanların gənclərin həyatında çox vaxt həddindən artıq böyüdüldüyünü, əslində isə imtahan nəticəsinin uğurun yeganə göstəricisi olmadığını bildirib.
Psixoloq ‘‘Tehsil365’’ə açıqlamasında deyib ki, imtahan uğuru insanın potensialını tam şəkildə müəyyən etmir:
“İmtahan sadəcə bir mərhələdir. Əsas məsələ insanın kim olduğunu, hansı bacarıqlara sahib olduğunu və nəyə qadir olduğunu dərk etməsidir.”
Onun sözlərinə görə, dünyada bir çox məşhur insanlar və ixtiraçılar təhsili yarımçıq qoyub, lakin öz potensiallarına inandıqları üçün böyük uğurlar əldə ediblər.
Piriyeva qeyd edib ki, bəzi valideynlər övladlarını ali təhsil almağa məcbur edir və bunu uğurun tək yolu kimi görürlər:
“17–18 yaşında verilən qərarlar insanın bütün həyatını müəyyən etmir. Uşaq başqaları ilə müqayisə edilməməlidir. Hər bir uşaq emosional və psixoloji baxımdan fərqlidir.”
Psixoloq bildirib ki, imtahan ərəfəsində valideynlər yalnız repetitor və müəllim dəstəyi ilə kifayətlənməməli, psixoloji dəstəyi də vacib hesab etməlidirlər:
“İmtahan həyəcanı uşağın bildiklərini düzgün ifadə etməsinə mane ola bilər. Buna görə psixoloji dəstək müəllim dəstəyi qədər önəmlidir.”
Onun sözlərinə görə, imtahana bir neçə ay qalmış uşaqların psixoloji vəziyyətinə daha çox diqqət edilməli, imtahan barədə həddindən artıq söhbət açılmamalıdır:
“İmtahan haqqında çox danışmaq stressi artırır. Bu mövzuda maarifləndirmə işini məktəb psixoloqları daha fəal aparmalıdır.”

