Xorvatiyada sentyabr–dekabr ayları arasında başlayan ağ trüf ovuna maraq bu il də böyükdür.
“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən bahalı göbələyi sayılan ağ trüf yalnız müəyyən ağac kökləri ilə simbioz şəkildə yetişdiyi və süni şəkildə becərilə bilmədiyi üçün nadir hesab olunur. Onun bir kiloqramının qiyməti 7 min avroya (təxminən 296–345 min manat) qədər yüksəlir.
Ölkədə hər il olduğu kimi, bu mövsümdə də trüf ovçuları meşələrdə bu nadir göbələyi tapmaq üçün ciddi rəqabətə girişiblər. Onlardan biri də Lagotto Romagnolo cinsi itlərlə trüf axtaran İvana Karliç Bandır. O, Reuters-ə açıqlamasında ağ trüfün təbiətdə çox az rast gəlindiyini və buna görə də yüksək qiymətləndiyini bildirib.
Ban ailəsinin 50 ildir trüf ovçuluğu ilə məşğul olduğunu deyərək, iqlim dəyişikliyi və meşələrin azalmasının ağ trüfün təbii yayılma mühitinə ciddi zərbə vurduğunu vurğulayıb. Onun sözlərinə görə, güclü quraqlıq göbələyin inkişafını dayandırır, həddindən artıq yağıntı isə onu çürüdür. Nəticədə ağ trüfün sayı hər il azalır, qiymətləri isə mütəmadi olaraq artır.
Xorvatiyada ağ trüf mövsümü dekabr ayına qədər davam edəcək.

