Alman musiqişünas Peter Vollni 30 il əvvəl kəşf etdiyi iki əsərin İohan Sebastyan Baxa aid olduğunu sübut edib.
“Tehsil365” xəbər verir ki, bu barədə MDR telekanalı məlumat yayıb.
Bildirilib ki, hələ 1992-ci ildə Brüssel Kral Kitabxanasında araşdırma aparan Vollni XVII əsrə aid əlyazmalar arasında “D minorda Şakon” və “G minorda Çakon” adlı iki əsəri aşkarlayıb.
O vaxtdan bəri o, bu əsərlərin Baxa aid olduğunu sübut etmək üçün onilliklər ərzində elmi araşdırmalar aparıb.
Musiqişünasın sözlərinə görə, təxminən 1705-ci ildə Baxın tələbələrindən biri bu əsərlərin surətini çıxarıb. Vollni qeyd edib ki, kompozisiyalarda dövrün digər bəstəkarlarına xas olmayan, yalnız Baxa məxsus üslub xüsusiyyətləri müşahidə olunur.
Həmin iki əsər 320 ildən sonra ilk dəfə olaraq Leypsiqdəki Müqəddəs Tomas kilsəsində ifa edilib.
Qeyd edək ki, İohan Sebastyan Bax barokko dövrünün ən tanınmış bəstəkarlarından biri olub. O, 1000-dən çox musiqi əsərinin müəllifidir və demək olar ki, bütün janrlarda (opera istisna olmaqla) fəaliyyət göstərib.

