Məktəbdə konfliktlər normaldır, çünki uşaqların xarakterləri, ailə tərbiyələri və sosial bacarıqları fərqlidir. Psixoloqun işi tərəf tutmaq deyil, problemi sağlam şəkildə həll etməkdir. Adətən bu tip vəziyyətlərdə pilləli ünsiyyətin qurulmasından istifadə oluna bilər.
Bu sual haqqında “Tehsil365” ə açıqlamasında psixoloq Nizami Orucov demişdir.O, bildirib ki:
1. Dinləmək və başa düşmək
Əvvəl hər uşağı ayrıca dinləmək. Nə baş verib, hər kəs nə hiss edir və nəyə ehtiyac duyur, bunu anlamaq vacibdir. Uşağın emosional olaraq sakit olması birinci addımdır.
2. Təhlükəsiz mühit yaratmaq
Sonra uşaqları bir araya gətirmək. Hisslərini sakitcə ifadə etməyi öyrətmək. “Sən belə etdin” yox, “Mən belə hiss etdim” dili istifadə olunur. Bu həm hörməti, həm məsuliyyəti artırır.
3. Birlikdə həll tapmaq
Problemin səbəbini başa düşdükdən sonra uşaqlarla birlikdə həll yolları düşünmək. “Başqa nə edə bilərdik?” kimi suallar veririk. Bu, uşaqlara problem həll etmə və ədalətli düşünmə bacarığı qazandırır.
4. Təkrar etməmək üçün izləmək
Konflikt bitdikdən sonra uşaqlarla bir müddət işləmək, empatiya, sərhəd qoyma və emosional tənzimləmə məşqləri etmək. Məqsəd yalnız problemi bitirmək deyil, onun təkrarlanmamasıdır.
Qısa desək, məktəb psixoloqu konfliktləri cəza ilə deyil, təlim və empatiya yolu ilə həll edir. Bu uşaqların şəxsiyyətini gücləndirir və məktəbi daha sağlam bir yerə çevirir.

