“Google”un ana şirkəti “Alphabet”in rəhbəri Sundar Piçai süni intellekt (AI) sənayesində sürətlə artan dəyər və sərmayələr fonunda yaranan risklərə diqqət çəkərək bildirib ki, bazarda mümkün geriləmə bütün şirkətlərə təsir göstərə bilər.
“Tehsil365” BBC-yə istinadla xəbər verir ki, o, süni intellektə qoyulan sərmayələrin misilsiz səviyyəyə çatdığını desə də, hazırkı süni intellekt sıçrayışında müəyyən məntiqsizliyin müşahidə edildiyini vurğulayıb. Bildirib ki, son aylarda süni intellekt texnologiya şirkətlərinin dəyərinin kəskin yüksəlməsi bazarın həddindən artıq şişməsi ilə bağlı narahatlıqları artırır.
“Google”un belə bir geriləmədən təsirlənib-təsirlənməyəcəyi ilə bağlı suala cavabında isə qeyd edib ki, heç bir şirkət tam toxunulmaz deyil. O, həmçinin enerji tələblərinin artması, Böyük Britaniyadakı investisiyalar, “Google”un süni intellekt modellərinin dəqiqliyi kimi məsələləri də şərh edib.
Qeyd edək ki, “Alphabet”in bazar dəyəri yeddi ay ərzində iki dəfə artaraq 3,5 trilyon dollara yüksəlib. Bu da şirkətin “OpenAI” ilə rəqabətdə güclənməsini göstərir. Xüsusi diqqət isə “Alphabet”in “Nvidia” ilə rəqabət aparan süni intellekt üçün hazırlanmış superçiplərinə yönəlib. “Nvidia” bu yaxınlarda 5 trilyon dollarlıq dəyərə çatan dünya üzrə ilk şirkət olub.

