Bu gün – 28 noyabr – tanınmış fotomüxbir, jurnalist, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İlqar Şaban oğlu Cəfərovun doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1960-cı ildə Kirovabad şəhərində (indiki Gəncə) anadan olub.
İlqar Cəfərov Azərbaycan fotojurnalistikasında öz dəst-xətti ilə seçilən, peşəkar baxış bucağı və operativliyi ilə tanınan media nümayəndələrindən biridir. Onun fotoobyektivindən keçən hadisələr, reportajlar təkcə informativ deyil, həm də sənədli-estetik dəyərə malikdir.
Uzun illər müxtəlif mətbu orqanlarda, o cümlədən aparıcı xəbər agentliklərində çalışan Cəfərov həm müharibə zonalarından, həm də ölkənin müxtəlif bölgələrindən hazırladığı materiallarla Azərbaycan jurnalistikasında iz qoyub. O, hadisənin içində olmaq, onu real və dolğun şəkildə cəmiyyətə çatdırmaq missiyasını hər zaman məsuliyyətlə yerinə yetirib.
Onun peşəkar fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. İlqar Cəfərov Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Doğum günü münasibətilə İlqar Cəfərovu təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirik!

