Azərbaycan Dillər Universitetinin Psixologiya və Pedaqogika kafedrasının müəllimləri – pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Şəfiqə Tahirova və müəllim Türkan Ömərova – xarici tələbələrdən ibarət qruplara Azərbaycan mədəniyyətini nümayiş etdirərək onları ekskursiyaya cəlb ediblər.
“Tehsil365” bildirir ki, ekskursiya çərçivəsində Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin 2-ci kurs, 2431/2432 qrup tələbələri Özbəkistanda Azərbaycan Respublikasının səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.
Tələbələr mərkəzin tərkibində fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, Azərbaycan Tarixi və Dövlətçiliyi Muzeyi, Azərbaycan–Özbəkistan Dostluq Muzeyi və Azərbaycan Xalçaları Muzeyi ilə tanış olublar.
Səfərin məqsədi tələbələrə Azərbaycan mədəni irsini, tarixi və dövlətçilik ənənələrini daha yaxından təqdim etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək olub.

