Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasının Konsert Salonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında böyük bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettasının növbəti tamaşası nümayiş olunub.
"Tehsil365" xəbər verir ki, klassik musiqi incisi sayılan bu səhnə əsərində əsas rolları Fəhmin Əhmədli (Əsgər), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Tural Ağasıyev (Süleyman), Xalq artistləri Gülyaz Məmmədova (Telli) və Gülüstan Əliyeva (Cahan xala), eləcə də Günel Hacıyeva (Gülçöhrə), Aysel İbrahimova (Asya) və Sadiq Məlikov (Vəli) ifa ediblər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baletmeysteri isə Xalq artisti Mədinə Əliyevadır.
Daim aktual və sevilən “Arşın mal alan” bu dəfə də tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

