ABŞ-ın İllinoys ştatının Peoria şəhərində yerləşən Nortmur İbtidai Məktəbinin musiqi müəllimi Tayler Bişop Milad bayramı ərəfəsində şagirdlərini özünəməxsus üsulla sevindirib.
"Tehsil365" xəbər verir ki, O, populyar “altı-yeddi” ritm ifadəsindən ilhamlanaraq maraqlı və əyləncəli Milad mahnısı bəstələyib.
Son illərdə “altı-yeddi” ifadəsi ibtidai sinif şagirdləri arasında böyük populyarlıq qazanıb. Uşaqlar bu ritmi əl hərəkətləri və səsli təkrarlarla səsləndirərək musiqi dərslərinə xüsusi enerji qatırlar. Hətta bu yeni trend bəzi müəllimlər üçün dərslərin aparılmasını çətinləşdirsə də, Tayler Bişop bu fürsəti yaradıcılığa çevirməyi bacarıb.
Mahnını ağacın yanında oxuyan uşaqlar həm öyrənib, həm də əylənərək bayram abu-havasını sinifə daşıyıblar. Bu təşəbbüs təkcə şagirdlərin deyil, həm də valideynlərin və sosial mediada izləyicilərin marağına səbəb olub.
Bişopun bu addımı göstərir ki, müəllimlər yaradıcı yanaşmalarla həm tədrisi rəngarəng edə, həm də uşaqlara xoş xatirələr bəxş edə bilərlər.

