Ölkə üzrə PISA beynəlxalq qiymətləndirmə tədqiqatına start verilib.
Bu barədə “Tehsil365"ə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Naxçıvan Şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən tədqiqatda Naxçıvan Muxtar Respublikası ümumtəhsil müəsssisələrindən- Naxçıvan Qızlar Liseyinin və Şərur Şəhər Fizika-Ryaziyyat Təmayüllü Liseyinin 100-ə yaxın şagirdi iştirak edib.
PISA Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir təşkil olunur.
PISA ölkələrin təhsil sistemlərini müqayisə etməyə və təhsil siyasəti ilə bağlı qərarların formalaşdırılmasına dəstək verir. “Məktəblər üçün PISA” isə hər bir təhsil müəssisəsinin nəticələrini ayrıca dəyərləndirərək məktəblərə tədrisin keyfiyyətinin artırılması üçün analitik əsaslar təqdim edir.
Qeyd edək ki, Azərbaycanda tədqiqat Təhsil İnstitutu tərəfindən təşkil olunur. Qiymətləndirmədə ölkə üzrə 200 təhsil müəssisəsindən 9 mindən çox şagirdin iştirakı nəzərdə tutulur və 31 yanvar 2026-cı il tarixinədək davam edəcək.

