Xocalı şəhidinin döyüş yolundan bəhs edən "Adsız qəhrəman" filminin təqdimatı olub.
“Tehsil365“ Report-a istinadən xəbər verir ki, Bakı Avrasiya Mətbuat Fondunun (BAMF) "Avrasiya Media Şəbəkəsi"nin hazırladığı film 1992-ci ilin 26 fevralında Xocalı soyqırımı zamanı qəhrəmancasına şəhid olan polis Məzahir Əbilovun həyat və döyüş yolundan bəhs edir. Ekran əsərinin rejissoru Roman Yaşar, ssenari müəllifi isə Rey Kərimoğludur.
Tədbirdə Milli Qəhrəman, şəhid ailələri, Vətən Müharibəsi qəhrəmanı, millət vəkilləri, şəhidin döyüş yoldaşları, yaxınları, həmkəndliləri iştirak ediblər.
Qarabağ qazisi Rey Kərimoğlu filmin təqdimatında deyib ki, Məzahir Əbilov soyqırımı gecəsi Xocalıda olub və sonadək döyüşüb: "O, əhalini Xocalıdan çıxaranda ayağından yaralanıb və çox güman ki, əsir düşərək şəhid olub. Bir Xocalı sakini isə deyir ki, fevralın 27-si gecə saatlarında Məzahir Əbilov hələ həyatda idi və onun qızını ermənilərdən xilas edib. Ümumiyyətlə, Məzahir onlarla Xocalı sakininin həyatını qurtarıb".
Qeyd edək ki, Əbilov Məzahir Yaqub oğlu 1969-cu il, yanvarın 29-da (sənəddə martın 29-u qeyd edilib) Ağdam rayonunun Muğanlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1987-89-cu illərdə sovetlər birliyi dövründə hərbi xidmətdə olub. 1990-ci ildə vətənə olan sevgisi, dinc sakinlərin həyatından narahatlığı onu Xocalıya aparıb. Xocalıda milis işçisi kimi xidmətə başlayıb. Silahdaşları ilə birgə "Bozdağ", "Həsənabad", "Daşbulaq", "Mehdikənd" və digər əməliyyatlarda iştirak edib. O, 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri vəhşilik zamanı soydaşlarımızı xilas edərkən itkin düşüb.

