20 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində fəaliyyətini başa çatdıran bir qrup könüllüyə sertifikat təqdim olunub.
“Tehsil365” xəbər verir ki, görüş zamanı qurumun İdarə Heyətinin sədri Məleykə Abbaszadə könüllülük proqramını uğurla başa vuran gəncləri təbrik edib, onların təşəbbüskarlığını və məsuliyyətini yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, könüllülərin fəaliyyət dövründə qazandıqları təcrübə gələcək karyera yollarında mühüm rol oynayacaq.
Sədr çıxışında real iş mühitində əldə olunan praktiki bilik və bacarıqların əhəmiyyətindən danışaraq gənclərə daim öz üzərində işləməyi və düzgün planlaşdırma aparmağı tövsiyə edib.
Daha sonra könüllülər çıxış edərək proqram çərçivəsində onlar üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər. Onlar fəaliyyət müddətində qazandıqları praktiki bilik və bacarıqların, komanda ilə işləmək təcrübəsinin və real iş prosesində iştirak imkanlarının peşəkar formalaşmalarında mühüm rol oynadığını vurğulayıblar.
Tədbirin sonunda 180 könüllüyə müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi könüllülər layihəsinə 2024-cü ilin noyabr ayından start verib. Müəyyən seçim mərhələlərini uğurla başa vuran könüllülər qurumun müxtəlif struktur bölmələrində — imtahanların təşkili və idarəedilməsi, statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar, e-imtahanlar və müsahibələrin təşkili, hüquqi təminat, dövlət qulluğu və strategiyalarla iş, ictimaiyyətlə əlaqələr və kargüzarlıq, eləcə də insan resurslarının idarə edilməsi istiqamətlərində proseslərə cəlb olunurlar.
Layihənin əsas məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları qurumun fəaliyyəti ilə yaxından tanış etmək və gələcək karyera planlamasına təkan verməkdir. Fevral ayının sonundan etibarən müraciət etmiş yeni könüllülərin fəaliyyətə başlayacağı bildirilib.

