Bakı Dövlət Universitetinin(BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 27 Mart - Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Müasir Azərbaycan ədəbiyyatı və tənqidində əsas tendensiyalar” mövzusunda ustad dərsi keçirilib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Tədbirdə Milli Məclisin deputatı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Elnarə Akimova məruzə ilə çıxış edib.
Məruzəçi ədəbiyyatın ideoloji və estetik xüsusiyyətlərindən asılı olmayaraq hər bir fərdi mətnin müstəqil estetik dəyər daşıdığını vurğulayıb. O qeyd edib ki, XX əsrin 80-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatında yeni bədii meyillər formalaşmağa başlayıb, keçid dövrünün mürəkkəb ictimai-siyasi reallıqları isə bu prosesə həm tematik, həm də estetik baxımdan ciddi təsir göstərib. Məruzəçinin sözlərinə görə, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində milli ədəbiyyat müstəqillik ideyasını bədii düşüncə və poetik sistem səviyyəsində ifadə etməyə başlayıb.

