Azərbaycan Dillər Universitetinin bir qrup əməkdaşı – İxtisas Ölkəsinin Ədəbiyyatı kafedrasının filologiya üzrə fəlsəfə doktoru, baş müəllimi Leyla Qocayeva, İngilis Dilinin Leksikologiyası kafedrasının müəllimi, doktorant Leyla Məmmədova, filologiya üzrə fəlsəfə doktoru Azadə Mikayılova və İngilis Dilinin Metodikası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Məmmədova British Council və Xəzər Universiteti tərəfindən birgə təşkil edilən “Going Global Partnership” proqramı çərçivəsində keçirilən Transmilli Təhsil Forumunda iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, forum ali təhsil sistemlərində beynəlxalqlaşma proseslərinə dəstək məqsədi daşıyır və Azərbaycan ilə Böyük Britaniya arasında ali təhsil sahəsində əməkdaşlıq, beynəlxalq kampus modelləri və transmilli təhsilin inkişaf perspektivlərini müzakirə etmək imkanı təqdim edib.
Tədbir həmçinin ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın genişləndirilməsi, kurikulumların modernizasiyası və beynəlxalq təhsil təşəbbüslərinin inkişafı baxımından mühüm platforma kimi qiymətləndirilib.

