Fevralın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) Belarus dili və mədəniyyəti Mərkəzində Yanka Kupala adına Qrodno Dövlət Universiteti tərəfindən təşkil olunan “Купалаўская дыктоўка” adlı imla aksiyası keçirilib.
“Tehsil365” xəbər verir ki, aksiyada universitetin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri iştirak ediblər. Tədbirin əsas məqsədi Belarus dilinin təbliği, dil biliklərinin yoxlanılması və mədəni əlaqələrin möhkəmləndirilməsi olub.
Qeyd edək ki, “Купалаўская дыктоўка” aksiyası mədəni mübadilənin vacib elementlərindən biri kimi çıxış edir və Belarus dilinə olan marağın artmasına töhfə verir. Keçirilən aksiya bir daha nümayiş etdirib ki, dil və mədəniyyət xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində və qarşılıqlı bilik mübadiləsinin genişlənməsində mühüm rol oynayır.

