Fevralın 20-də Azərbaycan Dillər Universiteti (ADU) Azərbaycan dilçiliyi kafedrası və Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən “Azərbaycan ədəbi dilinin inkişafına kütləvi informasiya vasitələrinin təsiri” mövzusunda seminar təşkil olunub. Tədbirin əsas məqsədi müasir informasiya mühitində ədəbi dil normalarının qorunması, zənginləşdirilməsi və inkişafında KİV-in rolunu elmi müstəvidə müzakirə etmək olub.
"Tehsil365" xəbər verir ki, seminarı açan Azərbaycan dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva ədəbi dilin milli kimliyin əsas göstəricilərindən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, qloballaşma və rəqəmsallaşma dövründə dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli-mədəni yaddaşın daşıyıcısıdır.
Tələbə Elmi Cəmiyyətinin üzvü Ülkər Əsgərova “Ana dili: Kimliyimizin səsi” mövzusunda çıxış edərək ana dilinin milli özünüdərk prosesindəki rolunu təhlil edib. O, ana dilinin təkcə kommunikativ vasitə olmadığını, həm də xalqın tarixi təcrübəsi, mənəvi dəyərləri və dünyagörüşünü özündə ehtiva edən mədəni sistem olduğunu vurğulayıb.
Azərbaycan dilçiliyi kafedrasının müəllimi Günel İsmayılova “Ana dilimizə dövlət qayğısı” mövzusunda çıxış edərək ölkədə dövlət dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini diqqətə çatdırıb. Xüsusilə Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların dövlət dilinin tətbiqi və normativ əsaslarının möhkəmləndirilməsində mühüm rol oynadığı bildirilib.
Baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlova “Azərbaycan ədəbi dilinin inkişafına KİV-in təsiri (müsbət və mənfi)” mövzusunda məruzəsində televiziya, radio, çap mediası və rəqəmsal platformaların ədəbi dilin formalaşması və yayılmasında rolunu qeyd edib. Məruzədə, eyni zamanda, sürətli informasiya axını, sosial şəbəkələrdə qeyri-rəsmi ünsiyyət və xarici dillərin təsiri nəticəsində dil normalarının pozulması hallarına da diqqət çəkilib.
Seminarın yekun çıxışı universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva tərəfindən edilib. O, dövlət dili siyasətinin prioritet istiqamətlərini diqqətə çatdıraraq, ana dilinin qorunmasının milli kimliyin əsas şərtlərindən biri olduğunu vurğulayıb.
Müzakirələr göstərib ki, müasir informasiya cəmiyyətində ədəbi dil və KİV arasında qarşılıqlı və dinamik əlaqə mövcuddur. Tədbirin sonunda iştirakçılar qeyd ediblər ki, ədəbi dilin qorunması yalnız dilçi alimlərin deyil, həm də media nümayəndələrinin, təhsil işçilərinin və cəmiyyətin ortaq məsuliyyətidir.
Seminar həm elmi diskussiya mühiti yaratmaq, həm də ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində gələcək təşəbbüslər üçün platforma rolunu oynayıb.

