Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Alman Dilləri fakültəsinin İngilis dilinin fonetikası kafedrasının əməkdaşları və tələbələri 26 fevral – Xocalı soyqırımının ildönümü münasibətilə Bakının Xətai rayonunda yerləşən Xocalı abidəsini ziyarət ediblər. Onlar XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
“Tehsil365” xəbər verir ki, belə anım tədbirləri gənc nəsilin, xüsusilə tələbələrin tarixi yaddaşının formalaşdırılması və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Xocalı faciəsinin akademik müstəvidə öyrənilməsi tələbələrdə tənqidi düşünmə bacarıqlarının inkişafına və beynəlxalq humanitar hüquq, münaqişə araşdırmaları sahəsində biliklərinin dərinləşdirilməsinə xidmət edir.
Gələcək nəsillərin tarixi həqiqətlər barədə obyektiv və elmi əsaslı məlumatlandırılması milli kimliyin qorunması, kollektiv yaddaşın davamlılığının təmin olunması və ədalət prinsiplərinin təbliği baxımından strateji əhəmiyyət kəsb edir. Universitet mühitində keçirilən bu cür maarifləndirici tədbirlər tələbələrin həm elmi, həm də mənəvi inkişafına töhfə verir.

