Son illərdə süni intellekt alətlərinin sürətlə yayılması təhsildə yeni vəziyyət yaradıb. Açığını desək, bu texnologiyalar həm böyük imkanlar gətirir, həm də müəyyən çətinliklər yaradır. Ən çox müzakirə olunan məsələlərdən biri ev tapşırıqları ilə bağlıdır. Bəzi hallarda şagirdlər və tələbələr tapşırıqları özləri düşünərək yerinə yetirmək əvəzinə süni intellekt alətlərindən hazır cavab almağa üstünlük verirlər. Bu isə müəllimləri narahat edən məsələdir.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu fikirləri müsahibəsində Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın katibi Günay Əkbərova deyib. O bildirib ki, dünya təcrübəsində bir çox ölkələr bu vəziyyətə qadağa ilə deyil, düzgün istifadə mədəniyyəti formalaşdırmaqla yanaşırlar: “Məsələn, Finlandiya, Sinqapur və Böyük Britaniya kimi ölkələrdə artıq məktəblərdə şagirdlərə süni intellektdən necə istifadə etməyi öyrədən xüsusi dərs və modul mövzuları tətbiq olunmağa başlayıb. Məqsəd texnologiyanı qadağan etmək deyil, onu düşünməyi inkişaf etdirən alətə çevirməkdir. Müəllimlərin bu prosesə müdaxiləsi isə bir neçə istiqamətdə mümkündür. İlk növbədə tapşırıqların forması dəyişməlidir. Əgər tapşırıq yalnız “məlumat tap və yaz” tipindədirsə, süni intellekt bunu çox asanlıqla edə bilər. Amma tapşırıq şagirdin şəxsi fikrini, təhlilini, təcrübəsini və ya sinifdə müzakirə olunan mövzulara münasibətini tələb edirsə, burada artıq şagirdin özü düşünməyə məcbur qalır. Dünyanın bir çox universitetlərində müəllimlər artıq belə tapşırıqlara üstünlük verirlər”.
Ekspert qeyd edib ki, müəllimlər şagirdlərə sadəcə “süni intellektdən istifadə etməyin” demək əvəzinə, “ondan necə düzgün istifadə etmək olar” sualını izah etməlidirlər: “Məsələn, şagird süni intellektdən ideya toplamaq, plan qurmaq və ya mətnini yoxlamaq üçün istifadə edə bilər, amma son nəticəni mütləq özü düşünərək formalaşdırmalıdır. Bir çox universitetlərdə artıq tələbələrdən tələb olunur ki, iş təqdim edərkən süni intellektdən hansı mərhələdə istifadə etdiklərini də qeyd etsinlər. Əslində süni intellekt müəllimi əvəz edən bir texnologiya deyil. Əksinə, düzgün istifadə olunarsa, müəllimin işini daha səmərəli edə bilər. Əsas məsələ odur ki, biz şagirdlərə yalnız cavab tapmağı deyil, sual verməyi və düşünməyi öyrədək. Çünki gələcəyin savadlı kadrları yalnız məlumatı bilən deyil, məlumatı təhlil edə bilən, müqayisə edən və düzgün qərar verən insanlar olacaq. Bu səbəbdən düşünürəm ki, süni intellektdən qorxmaq əvəzinə onu təhsilin bir hissəsi kimi qəbul etmək və istifadə mədəniyyətini formalaşdırmaq daha doğru yanaşmadır. Müəllimlərin rolu isə bu prosesdə daha da vacib olur. Çünki texnologiya nə qədər inkişaf etsə də, düşünməyi, məsuliyyəti və etik yanaşmanı formalaşdıran yenə də müəllimdir. Süni intellekt dövründə yaxşı müəllimlərin dəyəri azalmaq yox, əksinə daha da artır”.

