Məlum məsələdir ki, 31 Mart kimi faciəvi tarixi hadisələrin uşaqlara düzgün və yaşa uyğun şəkildə öyrədilməsi onların ədalət hissinin formalaşmasına mühüm təsir göstərir.
Bu sözləri “Tehsil365” ə açıqlamasında , psixoloq Mirsadiq Muxtarov bildirib.
“Bu proses bir neçə psixoloji istiqamətdə özünü göstərir. İlk növbədə, belə hadisələr uşaqlarda ədalət və ya ədalətsizlik anlayışlarının erkən mərhələdə dərk olunmasına kömək edir. Uşaq real tarixi nümunələr üzərindən anlayır ki, insanların hüquqlarının pozulması, zorakılıq və ayrı-seçkilik ədalətsiz və uyğun olmayan davranışlardır. Bu isə onların gələcəkdə haqsızlığa qarşı həssas və prinsipial mövqe tutmasına zəmin yarada bilir.”
“Eyni zamanda, bu cür mövzular empatiyanın inkişafına təsir edir. Uşaqlar keçmişdə baş vermiş hadisələri, çətinlikləri və itkiləri öyrəndikcə başqalarının ağrısını anlamağı, mərhəmətli olmağı öyrənirlər. Empatiya isə ədalət hissinin əsas komponentlərindən biridir.”
“Bir digər tərəfdən, milli kimliyin formalaşması da burada mühüm rol oynayır. Tarixi hadisələrin öyrədilməsi uşaqlarda mənsubiyyət hissini gücləndirir və onları öz xalqının tarixində baş verənlərə qarşı daha məsuliyyətli və həssas edir. Bu isə gənclərdə ədalət anlayışını yalnız fərdi deyil, həm də sosial dəyər kimi qəbul etməyə vasitə ola bilir.”
“Qeyd edilənlərdən əlavə, çox vacib məqam, baş verən bu cür hadisələrin uşaqlara təqdimat formasıdır. Əgər bu hadisələr uşaqlara travmatik, qorxuducu və ya nifrət yaradan tərzdə təqdim olunarsa, bu onlarda qorxu, aqressiya və ya müxtəlif stereotiplərin formalaşmasına səbəb ola bilər. Ona görə də məlumatlar uşağın yaşına uyğun, balanslı, faktlara əsaslanan və humanist dəyərləri ön plana çıxaran şəkildə izah edilməlidir.”

