31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Balakən şəhərində ümumrayon anım tədbiri təşkil olunub.
“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, anım tədbirində rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, xalqımıza qarşı 1918-ci ildə törədilmiş soyqırımından 108 il ötür. Həmin vaxt erməni daşnakları Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı vəhşiliklər törədərək on minlərlə günahsız, dinc sakini milli mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetiriblər. Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror döyüşlərində qazanılan tarixi Qələbə nəticəsində nəinki torpaqlarımız işğaldan azad edildi, həm də onilliklər boyu qan ağlayan şəhid ruhlarının hüzur tapmasına və mənəvi ədalətin bərpasına səbəb oldu. Bu gün Azərbaycanın bütün ərazilərində ucaldılan üçrəngli bayrağımız xalqımıza qarşı törədilən soyqırımı və terror siyasətinin iflasının, eyni zamanda, sarsılmaz milli birliyimizin rəmzidir. Artıq regionda yaranan yeni reallıqlar imkan verir ki, xalqımız öz tarixi keçmişini Zəfər qüruru ilə ansın və gələcək nəsillərə məğlub yox, qalib bir millətin şanlı salnaməsini ötürsün.
sonra tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xatirə Kompleksinin önünə gül-çiçək dəstələri düzüb, “Soyqırımı bağı” ərazisində ağac əkiblər.

