Bakı Mühəndislik Universitetində (BMU) keçirilən “İnnovativ sintez və funksional materiallar” mövzusunda beynəlxalq elmi konfrans bu gün öz işini bölmə iclasları ilə davam etdirib.
Universitetdən “Tehsil365"ə bildirilib ki, iclaslarda üzvi kimya və incə üzvi sintez, bərpaolunan enerji və yaşıl texnologiyalar, fiziki kimya və katalitik proseslər, qeyri-üzvi materialların sintezinə müasir yanaşmalar, müasir analitik kimya metodları, nanomateriallar və nanostrukturlaşdırılmış sistemlər, biotexnologiya, qabaqcıl polimerlər və kompozit materiallar, neft-kimya sintezi istiqamətləri üzrə elmi müzakirələr aparılıb.
Xarici ölkələrdən olan alimlər konfransla bağlı öz təəssüratlarını bölüşüblər.
Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Valentin Nenajdenko Bakı Mühəndislik Universitetində savadlı tələbələrin təhsil aldığını söyləyib. Universitetin təşkil etdiyi konfransda kimya ilə əlaqəli müxtəlif mövzularda səmərəli müzakirələr apardıqlarını söyləyən alim konfransın həm Azərbaycan təhsili, həm də kimya elmi üçün yaxşı nəticələr doğuracağına əminliyini ifadə edib.
Pekin Kimya Texnologiya Universitetinin professoru Jiaxu Xu Azərbaycanda, xüsusilə də Bakı Mühəndislik Universitetində ilk dəfə olduğunu deyib. O, BMU-nun bütün laboratoriyalarında tədqiqat imkanları ilə tanış olduğunu, həmçinin tələbələrlə söhbətləşmək imkanının yarandığını söyləyib. Alimin fikrincə, BMU güclü təmələ malik gənc ali təhsil müəssisəsi kimi gələcəkdə daha da inkişaf edəcək.
Moldova Dövlət Universitetinin professoru Fliur Zainutdin Macaev BMU-da beynəlxalq konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. Alim qeyd edib ki, keçən il yüksək impakt faktorlu jurnalda birgə iki məqalə dərc ediblər və bu, əməkdaşlıq üçün yaxşı bir başlanğıcdır. Fliur Zainutdin Macaev daha geniş əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib.
Pakistanın Sardoqa Universitetinin professoru Muhammad Navaz Tahir BMU-da keçirilən bu beynəlxalq konfransın tələbələr və alimlər üçün faydalı görüşlər, müzakirələr platforması olduğunu deyib. Alim gələcəkdə qarşılıqlı əməkdaşlığın elmi təcrübə mübadiləsinə müsbət təsir göstərdiyini və daha da genişlənəcəyini vurğulayıb.
Qeyd edək ki, konfransın plenar sessiyasında və bu gün davam edən panel iclasda REA-nın kimya institutları, Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Cənubi Ural Dövlət Universiteti, Türkiyənin Yıldız Texnik və Qəbzə universitetləri, Pakistanın Sardoqa Universiteti, Moldova Dövlət Universiteti professorları elmi məruzələrlə çıxış ediblər.
Müasir kimya, materialşünaslıq, nanotexnologiya, enerji materialları, biomateriallar, polimerlər və digər və əlaqəli sahələr üzrə son elmi nailiyyətlərin müzakirəsini təşkil etmək, elmi əməkdaşlığı genişləndirmək məqsədi daşıyan konfransa 17 xarici ölkədən ümumilikdə 360 məqalə təqdim olunub.

