“Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən şahmat turnirinin regional mərhələsində Abşeron, Sumqayıt və Xızı məktəblilərindən ibarət 3 komanda mübarizə aparıb.
İdarədən “Tehsil365"ə bildirilib ki, FIDE qaydalarına uyğun təşkil olunan yarışda komandalar arasında gərgin və maraqlı qarşılaşmalar baş tutub. Nəticədə Sumqayıt şəhərini təmsil edən komanda yüksək nəticə göstərərək rəqiblərini geridə qoyub və regional mərhələnin qalibi olub. Bununla da komanda respublika mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, şahmat turniri iki mərhələdən – regional və respublika mərhələlərindən ibarətdir. Hər iki mərhələ beynəlxalq qaydalara uyğun şəkildə keçirilir. Regional mərhələdə ən yüksək nəticə göstərən komanda növbəti mərhələdə regionu təmsil edir.
“Zəkaların mübarizəsi” olimpiadasının əsas məqsədi şagirdlərdə fənlərə marağı artırmaq, onların dünyagörüşünü genişləndirmək, sağlam rəqabət mühiti formalaşdırmaq, müxtəlif regionlardan olan şagirdlər arasında əməkdaşlıq və dostluq əlaqələrini gücləndirmək, eləcə də öyrənməyə təşviq etməkdir.

