Dövlət İmtahan Mərkəzində (DİM) buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə materiallarının işlənməsi, ekspertizası və yoxlanılması üzrə müəllif, ekspert və marker hazırlığı məqsədilə Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənləri üzrə kurslara qeydiyyat başlanır.
DİM-dən “Tehsil365"ə bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsilini davam etdirən magistrlər də iştirak edə bilərlər.
Qeydiyyat oktyabrın 8-i saat 23:59-dək aparılır.
Hazırlıq kurslarında iştirak üçün nəzərdə tutulmuş ödəniş məbləği 100 manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “Hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.
Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə yoxlama imtahanından və kalibrləmə prosesindən (cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması) keçəcəklər. Həm yoxlama imtahanından, həm də kalibrləmə prosesindən müvəffəqiyyətlə keçənlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlara sertifikat veriləcək.
Pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin istiqamətdə təhsili davam etdirən magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.
Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər +994 12 310 53 16 (daxili nömrə:1532) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Regional bölmələrin ünvanları və əlaqə vasitələri ilə buradan tanış ola bilərsiniz

