Lənkəran Dövlət Universitetində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirilib.
“Tehsil365" xəbər verir ki, “Azərbaycanın Memarlıq və Şəhərsalma İli: Tarixdən gələcəyə” mövzusunda keçirilən elmi-praktik vebinarı giriş sözü ilə universitetin Tarix-Coğrafiya və İncəsənət fakültəsinin dekanı dos. Afaq Qasımova açaraq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) respublikamızda keçirilməsinın əhəmiyyəti haqqında danışıb. Bildirib ki, bu, Azərbaycanın dünyada artan beynəlxalq nüfuzunun göstəricisidir və ölkəmiz üçün əhəmiyyəti böyükdür.
Vebinarda Tarix və onun tədrisi metodikası kafedrasının dosentləri Kamal Mahmudov, Müşfiq Bayramov, Emin Məlikov, Mayis Cəfərov, baş müəllim Vüsal Nəsirli, Muzeyşünaslıq ixtisası üzrə magistrant Günay Rəşidbəyli çıxış edərək Azərbaycanın memarlıq irsinin tarixi inkişaf mərhələləri, müasir şəhərsalma siyasəti və bu sahədə qarşıda duran perspektivlər barədə elmi məruzələrlə çıxış etmişlər. Məruzələrdə qeyd edilib ki, Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF) 13-cü sessiyası BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və dayanıqlı urbanizasiya sahəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindəndir, WUF13 ölkələr, şəhərlər, ekspertlər və beynəlxalq təşkilatlar üçün qlobal urbanizasiya problemlərini və həll yollarını müzakirə etmək üçün əsas platformadır. Ümumdünya Şəhərsalma Forumunun (WUF) Azərbaycanda keçirilməsinin əhəmiyyəti çoxşaxəlidir və ölkənin beynəlxalq mövqeyinə, regional əməkdaşlığa, şəhər inkişafına və iqtisadi imkanlarına ciddi töhfələr verir. Məruzələrdə vurğulanmışdır ki, bu cür elmi tədbirlər Azərbaycanın zəngin memarlıq irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

