Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik ixtisasları üzrə təhsil alan 42 tələbəsi türkiyəli mütəxəssislərin iştirakı ilə təşkil edilən onlayn təlim proqramına cəlb olunub.
“Tehsil365“ xəbər verir ki, təlim mərkəzlə Teknopark İstanbul Peşə və Texniki Anadolu Liseyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilən “Siber köprü” layihəsi əsasında reallaşıb.
Layihə çərçivəsində 8 həftə davam edəcək proqramın sonunda iştirakçılar "Cisco"nun təqdim etdiyi “CCNA: Introduction to Networks” və “Cybersecurity Essentials” beynəlxalq sertifikatlarını əldə etmək imkanı qazanacaqlar.
Kibertəhlükəsizlik üzrə ixtisas fənn müəllimi Şahin Fərzəliyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Qlobal səviyyədə tanınan bu sertifikatlar tələbələrin peşəkar kompetensiyalarını gücləndirməklə yanaşı, onların əmək bazarına daha hazırlıqlı mütəxəssislər kimi daxil olmalarına şərait yaradır: “Layihənin ilkin mərhələsinin cari ilin may ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Növbəti mərhələdə isə təlim prosesində fərqlənən 12 tələbənin yay aylarında Teknopark İstanbul Peşə və Texniki Anadolu Liseyində iki həftəlik təcrübə proqramında iştirakı planlaşdırılır”.
Proqram çərçivəsində iştirakçılar şəbəkə texnologiyaları, sistemlərin qurulması və kibertəhlükəsizlik sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edəcək, real iş mühitinə uyğun bacarıqlarını inkişaf etdirəcəklər. Eyni zamanda tələbələr hazırladıqları startap ideyalarının kommersiyalaşdırılması istiqamətində sahibkarlıq təlimlərinə qatılacaqlar.

