Müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 14-dən etibarən start veriləcək.
“Tehsil365” xəbər verir ki, iyulun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, 2026–2027-ci tədris ili üçün müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3–10 iyun tarixlərini əhatə edib. Bu müddət ərzində 46505 müraciət daxil olub, 40574 namizəd ərizəsini təsdiqləyib və 38651 namizədin ərizəsi qəbul edilib.
Qanunvericiliyə uyğun olaraq 9857 namizəd iştirak haqqının ödənilməsindən azad edilib, 28794 namizəd üçün isə 6–9 iyun tarixlərində ödəniş sistemi aktiv olub.
Bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli əsaslarla təşkil edilir. Bununla yanaşı, ilk dəfə iştirak edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad olunublar.
Hazırkı statistikaya əsasən, ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib.
Artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək.

