Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Özbəkistandan “Səmərqənd” Dövlət Muzey-Qoruğu, Qazaxıstandan “Əzrət Sultan” Milli Tarix-Mədəniyyət Qoruğu, Qırğızıstandan “Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksinin birgə təşkilatçılığı əsasında 2026- cı il avqustun 27- də “Ortaq irs, ortaq gələcək: Türk dünyasında arxeoloji və tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği” mövzusunda beynəlxalq onlayn seminar keçirilmişdir.
“Tehsil365” xəbər verir ki,Özbəkistan, Qazaxıstan və Qırğızıstanın müvafiq dövlət qurumlarının, elmi müəssisələrinin və muzey-qoruqlarının nümayəndələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş qoruqların, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının, Bakı Dövlət Universitetinin alim və magistrantlarının iştirakı ilə keçirilən beynəlxalq seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Yaqub Məmmədov, Tarix və arxeologiya departamentinin assistenti Nərmin Həsənova, həmçinin, Humanitar, təhsil və sosial elmlər fakültəsinin (HESS) Tarix müəllimliyi və Tarix-coğrafiya ixtisası üzrə təhsil alan tələbələr iştirak etmişlər.
Zoom platforması üzərindən keçirilən tədbir Türk dünyasının zəngin arxeoloji və tarixi irsinin qorunması, tədqiqi və müasir yanaşmalarla təbliği sahəsində təcrübə mübadiləsinin aparılmasını məqsəd qoymuşdur.
Seminarda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş elmi işçisi, Bakı Dövlət Universitetinin dosenti Yunis Nəsiblinin moderatorluğu ilə iki əsas bölmə çərçivəsində tərəfdaş ölkələrin mütəxəssislərinin məruzələri təqdim olunmuşdur. I bölmədə Azərbaycandan Musa Mursaquliyev (Keşikçidağ DTMQ-nin direktoru) — “Arxeoloji tədqiqatdan mədəni irsin təbliğinə: Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi təcrübəsi”, Özbəkistandan Ruzimurotova Safura Şamuratovna (“Səmərqənd” Dövlət Muzey-Qoruğu) — “Mədəni irsin qorunmasında çöl tədqiqatlarının əhəmiyyəti”, Qazaxıstandan Dinara Sazanova (“Əzrət Sultan” Milli Tarix-Mədəniyyət Qoruğu) — “Həzrət Sultan Türbəsini ziyarət edənlər: Türk xalqlarının ənənəvi ziyarət mədəniyyətinin təzahürü”, Qırğızıstandan Xayrullo İbaydullayev Xəbibullayeviç (“Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi) — “Süleyman-Too Türk dünyasının sakral (müqəddəs) mərkəzi kimi” mövzularında məruzələr edilmişdir. II bölmədə isə Azərbaycandan Pərviz Qasımov (AMEA Arxeologiya və Antropologiya İnstitutu) — “Keşikçidağ kurqanları”, Qırğızıstandan İshaq Egemnazarov Sardarbekoviç (“Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi) — “Çingiz Aytmatovun humanizmi: milli köklərdən ümumbəşəri dəyərlərə doğru”, Qazaxıstandan Nazerke Dulatova (“Əzrət Sultan” Milli Tarix-Mədəniyyət Qoruğu) — “Yəsəvi Türbəsi: Ortaq irsin tədqiqi, qorunması və gələcək nəsillərə ötürülməsi”, Özbəkistandan Navbahor Qarşiyevna Daliyeva (“Səmərqənd” Dövlət Muzey-Qoruğu) — “Səmərqənd Dövlət Muzey-Qoruğunun ekspozisiyalarında nümayiş olunan ‘Kafirqala panosu’ haqqında” adlı məruzələrlə çıxış etmişlər.
Keçirilən beynəlxalq seminar Türk dövlətləri arasında arxeologiya, muzeyşünaslıq və mədəni irsin mühafizəsi sahəsində institusional əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin, ortaq tarixi-mədəni irsin beynəlxalq müstəvidə daha geniş təbliği baxımından mühüm platforma rolunu oynamışdır.

