Təhsil 365 - Logo Mobile

Səbinə Bayramova: “Unutmayaq ki, aqressiv davranış göstərən şagirdin dəstəyə ehtiyacı olduğu kimi, sinifdəki digər uşaqların da təhlükəsizliyi qorunmalıdır”

6019.10.2026 - 19:59
Səbinə Bayramova:  “Unutmayaq ki, aqressiv davranış göstərən şagirdin dəstəyə ehtiyacı olduğu kimi, sinifdəki digər uşaqların da təhlükəsizliyi qorunmalıdır”

“Aqressiv davranış başqasına fiziki və ya emosional zərər vurmağa, onu qorxutmağa, təhqir etməyə və ya ona qarşı təzyiq göstərməyə yönələn davranış formasıdır. Bu, fiziki (vurmaq, itələmək, əşyaları atmaq), verbal (qışqırmaq, təhqir etmək, hədələmək) və ya münasibətlərə yönəlmiş (qəsdən kənarlaşdırmaq, alçaltmaq, başqalarını kimdənsə uzaq durmağa təhrik etmək) formada özünü göstərə bilər”.

Bu sözləri “Tehsil365”ə müsahibəsində psixoloq Səbinə Bayramova deyib.

Psixoloq bildirib ki, Burada aqressiya hissi ilə aqressiv davranışı fərqləndirmək vacibdir. “Qəzəblənmək, incimək və ya haqsızlığa uğradığını düşünmək normal emosional reaksiyalardır”.

“Həmçinin, hər yüksək səslə danışmaq və ya etiraz etmək aqressiya hesab edilmir.

Sinifdə aqressiv davranış göstərən şagirdə yanaşarkən onun davranışını şəxsiyyətinin dəyişməz xüsusiyyəti kimi qiymətləndirmək düzgün deyil. Belə davranışın arxasında emosional gərginlik, məyusluğa dözümsüzlük, ünsiyyət çətinliyi, bullinqə məruz qalma, ailə mühitindəki problemlər və ya təlimlə bağlı çətinliklər dayana bilər. Bəzi hallarda isə uşağın emosiyalarını tənzimləmək və impulslarını idarə etmək bacarıqları hələ kifayət qədər inkişaf etməmiş olur”.

Sinifdə aqressiv davranış göstərən şagirdlə işləyərkən əsas məqsəd yalnız davranışı dayandırmaq deyil, onun səbəblərini anlamaq və uşağa emosiyalarını daha sağlam şəkildə ifadə etməyi öyrətməkdir.

-Belə bir şagirdlə işləyərkən ilk addım nə olmalıdır?

S. Bayramova bildirib ki, “İlk addım aqressiyanın hansı şəraitdə yarandığını müəyyənləşdirməkdir. Müəllim yalnız hadisənin özünə deyil, ondan əvvəl nə baş verdiyinə də diqqət yetirməlidir. Məsələn, şagird tapşırığı yerinə yetirə bilmədikdəmi əsəbiləşir, sinif yoldaşları ona irad bildirdikdəmi aqressivləşir, yoxsa müəllimin diqqəti başqa şagirdə yönəldikdə belə davranır?

Təsəvvür edək ki, bir şagird qrup işləri zamanı tez-tez mübahisə yaradır və sinif yoldaşlarını itələyir. İlk baxışdan bu, intizamsızlıq kimi görünə bilər. Ancaq müşahidə zamanı məlum olur ki, şagird qrupda fikri dinlənilmədikdə və özünü kənarda qalmış hiss etdikdə belə reaksiya verir. Bu halda onunla yalnız intizam qaydaları haqqında danışmaq kifayət etməz. Ona narazılığını sözlə ifadə etməyi, növbə gözləməyi və kömək istəməyi də öyrətmək lazımdır”.

“Burada müəllimin müşahidələri mühüm əhəmiyyət daşıyır. Davranışın nə zaman baş verdiyini və hansı hallarda azaldığını qeyd etmək problemin səbəblərini daha dəqiq anlamağa kömək edir”.

-Aqressiya baş verən anda müəllim necə davranmalıdır?

“Belə vəziyyətdə müəllimin sakitliyini qoruması xüsusilə vacibdir. Uşaq emosional baxımdan gərgin olduqda onunla uzun mübahisəyə girmək, səsini yüksəltmək və ya sinif qarşısında alçaltmaq vəziyyəti daha da ağırlaşdıra bilər. Müəllim qısa, aydın və qətiyyətli danışmalıdır. Məsələn, şagird əsəbiləşərək partanın üzərindəki əşyaları atırsa, müəllim belə deyə bilər: “Görürəm ki, çox əsəbiləşmisən. Amma əşyaları atmaq olmaz. İndi sakitləşək, sonra nə baş verdiyini danışarıq.” Bu cür yanaşma uşağın hissini qəbul edir, eyni zamanda davranışa sərhəd qoyur. Çünki uşağa qəzəblənməyin normal hiss olduğunu, lakin qəzəb zamanı başqasına zərər verməyin qəbulolunmaz olduğunu başa salmaq lazımdır. Əgər şagird fiziki təhlükə yaradırsa, ilk növbədə digər uşaqların təhlükəsizliyi təmin edilməli və məktəbin təhlükəsizlik prosedurlarına uyğun hərəkət olunmalıdır. Belə hallarda müəllim vəziyyəti təkbaşına idarə etməyə çalışmamalıdır”.

-Aqressiv davranışa görə uşağı cəzalandırmaq nə dərəcədə doğrudur?

“Burada cəza ilə davranışın nəticəsini anlamağa kömək edən yanaşmanı fərqləndirmək lazımdır. Uşağı təhqir etmək, qorxutmaq, sinif qarşısında utandırmaq və ya ona “səndən adam olmayacaq” kimi ifadələr işlətmək düzgün deyil. Bu cür yanaşmalar uşağın özünə münasibətinə və müəllimlə əlaqəsinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, aqressiv davranışı görməzdən gəlmək də olmaz. Uşaq davranışının başqalarına təsirini anlamalı və uyğun məsuliyyət götürməlidir. Məsələn, sinif yoldaşının əşyasını qəsdən zədələyibsə, həmin əşyanın bərpasında və ya zərərin aradan qaldırılmasında yaşına uyğun şəkildə iştirak edə bilər. Əsas məqsəd uşağı cəzalandırmaq naminə cəzalandırmaq deyil, ona davranışının nəticəsini anlamağı və növbəti dəfə başqa cür hərəkət etməyi öyrətməkdir”.

-Məktəb psixoloqu belə şagirdlə hansı istiqamətlərdə işləməlidir?

“Məktəb psixoloqu ilk növbədə uşağın davranışının hansı ehtiyac və çətinliklərlə əlaqəli ola biləcəyini araşdırmalıdır. Bunun üçün şagirdlə fərdi söhbətlər, müşahidə, emosiyaların tanınması və sosial bacarıqların inkişafına yönəlmiş məşqlərdən istifadə oluna bilər. Məsələn, uşaq mübahisə zamanı dərhal fiziki reaksiya verirsə, psixoloq onunla belə vəziyyətləri rol oyunları vasitəsilə məşq edə bilər. Şagirdə “Mən bu hərəkətdən narazıyam”, “Xahiş edirəm, mənə toxunma” və ya “Mübahisə etmək istəmirəm, müəllimə müraciət edəcəyəm” kimi ifadələrdən istifadə etməyi öyrətmək mümkündür. Digər vacib istiqamət emosional tənzimləmə bacarıqlarının inkişafıdır. Uşaq qəzəbinin artdığını necə müəyyənləşdirməyi, qısa fasilə istəməyi, nəfəsinə diqqət yetirməyi və kömək üçün böyüyə müraciət etməyi öyrənə bilər.

Bununla yanaşı, uşağın müsbət davranışlarını da görmək lazımdır. Əvvəllər mübahisə zamanı qışqıran şagird bu dəfə narazılığını sözlə ifadə edirsə, həmin cəhdi qeyd etmək

faydalıdır. Məsələn, “Bu dəfə əsəbiləşsən də, fikrini sözlə bildirdin. Bu, irəliləyişdir” demək uşağın yeni bacarığını möhkəmləndirə bilər”.

-Valideynlərlə əməkdaşlıq nə üçün vacibdir?

“Aqressiv davranış təkrarlanırsa, müəllim və məktəb psixoloqu valideynlərlə əməkdaşlıq etməlidir. Burada əsas məqsəd valideyni günahlandırmaq deyil, uşağın davranışını daha yaxşı anlamaq və ona dəstək olmaqdır.

Valideynlə söhbətdə ümumi mühakimələr əvəzinə konkret müşahidələrdən istifadə etmək daha məqsədəuyğundur. Məsələn, “Uşağınız çox aqressivdir” deməkdənsə, “Son həftələrdə fikir ayrılığı yarananda sinif yoldaşlarına qışqırdığı bir neçə hal müşahidə olunub. Bu vəziyyətin səbəblərini birlikdə araşdırmaq istərdik” demək əməkdaşlıq üçün daha əlverişli mühit yaradır. Eyni zamanda, uşağın evdə və məktəbdə davranışının fərqli olub-olmadığını öyrənmək vacibdir. Bəzən problem konkret mühitdə yaranır, bəzən isə bir neçə sahədə özünü göstərir. Bu məlumatlar uyğun dəstək strategiyasının seçilməsinə kömək edir”.

-Hansı hallarda mütəxəssisə müraciət etmək lazımdır?

“Aqressiv davranış tez-tez təkrarlanırsa, uşağın təhsilinə və münasibətlərinə ciddi mane olursa, fiziki zərərvermə ilə müşayiət edilirsə və ya davranışda qəfil dəyişiklik yaranıbsa, daha ətraflı psixoloji qiymətləndirmə məqsədəuyğundur. Ehtiyac olduqda uşaq və yeniyetmə psixoloquna və ya müvafiq klinik mütəxəssisə müraciət edilməlidir.

Bununla belə, hər aqressiv davranışı psixoloji pozuntu kimi qiymətləndirmək doğru deyil. Uşağın yaşı, inkişaf xüsusiyyətləri, yaşadığı mühit və davranışın davametmə müddəti nəzərə alınmalıdır”

-Sonda müəllimlərə və valideynlərə nə tövsiyə edərdiniz?

“Ən vacib tövsiyəm uşağın davranışına sərhəd qoyarkən onun şəxsiyyətinə hörməti qorumaqdır. Aqressiv davranışı nə normallaşdırmaq, nə də uşağı bu davranışla eyniləşdirmək lazımdır. Şagirdin nəyə görə belə reaksiya verdiyini anlamaq, ona alternativ davranışlar öyrətmək və böyüklərin ardıcıl mövqeyini təmin etmək vacibdir.

Uşaqdan yalnız “özünü yaxşı aparmağı” tələb etmək kifayət deyil. O, qəzəbini necə ifadə etməyi, məyusluqla necə başa çıxmağı və münaqişəni zorakılıq olmadan necə həll etməyi öyrənməlidir.

Unutmayaq ki, aqressiv davranış göstərən şagirdin dəstəyə ehtiyacı olduğu kimi, sinifdəki digər uşaqların da təhlükəsizliyi qorunmalıdır. Məqsəd hər iki tərəfin rifahını təmin etmək və uşağa daha sağlam davranış yolları qazandırmaqdır”.

Fidan Abışova

News Feed

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub08.10.2026 - 14:49
The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05