Azərbaycanın igid oğullarından biri, Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirovun doğum günü qeyd olunur. O, 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayıb və 314 nömrəli tam orta məktəbdə təhsil alıb.
"Tehsil365" xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfn edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması uğrunda göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Xəyyam Daşdəmirov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Xəyyam Daşdəmirovun adı xalqımızın yaddaşında qəhrəmanlıq nümunəsi kimi daim yaşayacaq. Allah rəhmət eləsin!