Bu gün, 26 fevral 2025-ci il, Xocalı soyqırımının baş verməsindən 33 il ötür. 1992-ci ilin soyuq fevral gecəsində Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək misli görünməmiş qətliam törətdi.
"Tehsil365" xatırladır ki, Xocalı soyqırımı təkcə Azərbaycan tarixinin deyil, bəşəriyyətin ən qanlı səhifələrindən biridir. Bu faciə dünya ictimaiyyətinə erməni terrorunun və vandalizminin əyani sübutu kimi təqdim olunur. Xocalı hadisələri insan hüquqlarının kobud şəkildə pozulmasının nümunəsidir və beynəlxalq hüquqa əsasən soyqırımı aktı kimi tanınmalıdır.
Həmin faciəvi gecədə 613 nəfər amansızcasına qətlə yetirildi. Onların arasında 106 qadın, 63 uşaq və 70 yaşlı insan var idi. 8 ailə tamamilə məhv edildi, 1275 dinc sakin girov götürüldü, 150 nəfər isə itkin düşdü.
Azərbaycan dövləti və xalqı hər il 26 fevral tarixində Xocalı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edir. "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində bu soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində mühüm addımlar atılır. Bu günə qədər Pakistan, Meksika, Kolumbiya, Çexiya, Sudan, İordaniya və bir sıra digər ölkələr Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Xocalı qətliamı 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qan yaddaşı olaraq qaldı. Lakin 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Xocalı şəhidlərinin intiqamının alındığı tarix kimi yadda qaldı.
27 sentyabr 2020-ci ildə başlayan və 10 noyabrda Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən müharibədə Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqları azad etdi. Bu qələbə eyni zamanda Xocalı faciəsini törədənlərə ədalətli bir cavab oldu.
2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Xocalı tamamilə Azərbaycanın nəzarətinə qaytarıldı. Bu, Azərbaycan xalqı üçün tarixi ədalətin bərpası demək idi. Artıq Xocalı torpağı işğaldan azad olunub, orada yenidənqurma işləri aparılır və şəhidlərimizin ruhu şaddır.
Bu gün Xocalı şəhidlərinin xatirəsi Azərbaycanın bütün guşələrində anılır, memorial komplekslər ziyarət edilir və faciə qurbanlarının ruhuna dualar oxunur. Azərbaycan xalqı inanır ki, Xocalı qətliamını törədənlər gec-tez ədalət qarşısında cavab verəcəklər.