Bu gün Bakıda yerləşən "Ana Harayı" abidəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Anım mərasimində müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimaiyyət nümayəndələri və vətəndaşlar iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, ziyarət zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə güllər düzülüb. Qeyd edək ki, hər il 26 fevral tarixində Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılır.
Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilib. Nəticədə 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilib, yüzlərlə insan yaralanıb və əsir götürülüb. Bu faciə müasir tariximizin ən qanlı səhifələrindən biri kimi yadda qalır.
Anım mərasimində çıxış edənlər Xocalı soyqırımının dünya ictimaiyyətinə daha geniş tanıdılmasının vacibliyini vurğulayıb və belə faciələrin bir daha təkrarlanmaması üçün beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin zəruriliyini qeyd ediblər.